Arif Hacılı siyasi məhbuslarla bağlı iqtidara çağırış etdi
Avq 25, 2015 16:03 Asia/Baku
Müsavat Partiyasının başqanı deyib ki, “Amnesty İnternational” Azərbaycanda hazırda həbsdə saxlanılan bir sıra məhbusu vicdan məhbusu, bir qrupunu da siyasi məhbus kimi tanıyıb.
Beynəlxalq təşkilatlar və daxildəki müxalif qüvvələr həmin məhbusların azad olunmasını hakimiyyət qarşısında qaldırıblar, çağırışlar vaxtaşırı olur. Lakin hələ ki, sözügedən məhbuslar barəsində əfv fərmanı verilmir.Müsavat Partiyasının başqanı Arif Hacılı Belarus prezidentinin əfv fərmanı ilə hətta Belarus kimi ölkədə vicdan və siyasi məhbusun qalmadığını bildirib və Azərbaycan hakimiyyətini vicdan və suyasi məhbusları azad etməyə çağırıb: “Lukaşenko da öz xalqına, öz xalqının seçilən nümayəndələrinə qarşı mübarizənin mənasız və ziyanlı olduğunu anladı. Belarusda yerli hüquq müdafiə təşkilatları 6 nəfəri siyasi məhbus elan etmişdi. Onlardan ikisi vicdan məhbusu kimi tanınmışdı. Lukaşenko hər birini azadlığa buraxdı. İndi Belarusda siyasi məhbus yoxdur”.
Müsavat başqanı daha sonra “Yeni Müsavat”ın müxbirinə deyib ki, Azərbaycan dünyada siyasi məhbusların sayına görə lider ölkədir: ”Azərbaycanda 100-dək siyasi məhbus var. Ciddi siyasi diskriminasiyanın olduğu, Azərbaycandan dəfələrlə böyük olan Rusiyada belə, siyasi məhbusların sayı bizdəkindən 3 dəfə azdır. Azərbaycanı korrupsiyanın miqyasına, siyasi məhbusların sayına görə lider dövlətə çevirən siyasət dərhal durdurulmalıdır. Daha “keçid dövrü”, “tədrici islahatlar” kimi nağıllara zaman yoxdur. Cəmiyyət dartılmış yay kimidir. Hərəkətə gəlsə, hər şeyi mehvərindən oynadacaq".