Noy 06, 2015 20:08 Asia/Baku
  • Azərbaycan: Vasitəçilərin fəaliyyəti sıfıra bərabərdir
    Azərbaycan: Vasitəçilərin fəaliyyəti sıfıra bərabərdir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilk dəfə olaraq həmsədrlərin Qarabağ məsələsində faydasız fəaliyyətinə kəskin reaksiya verib. Bildirib ki, indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən göstərilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir.

APA-nın məlumatına görə, “AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı hesabatlar və ya qətnamələr qəbul etməzdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməlidirlər”. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.

Minsk qrupunun həmsədri Ceyms Uorlikin fikrini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli istiqamətində hər hansı cüzi irəliləyişə belə nail olunmadığı halda Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur. İndiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir. Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür”.
ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud “status-kvo”nu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir. Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Minsk qrupunun həmsədri Ceyms Uorlikin fikrinə münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə deyib: “Hesab edirəm ki, cənab Uorlik və Minsk qrupunun başqa həmsədrləri dünyada və beynəlxalq təşkilatlarda gedən proseslərlə ilk öncə özləri maraqlanmalıdırlar. Onlar öz siyasətlərini qapadıb, iyirmi ildə heç bir effekt verməyən məsələləri müzakirə etməkdən imtina etməli, reallıqları qəbul etməli və dünyada parlamentləri təmsil edən beynəlxalq təşkilatlarda gedən proseslərdən də agah olmalıdırlar.
Qeyd edək ki, AŞPA-nın siyasi məsələlər komitəsində Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəsi qəbul edilib.

Teqlər