Siyavuş Novruzovdan köhnə ittiham: "Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb"
Azərbaycanda hakim partiyanın parlamentdəki deputatı və Yeni Azərbaycan partiyasının icraiyyə katibinin müavini Siyavuş Novruzov Ərdəbilin millət vəkilinə qarşı köhnə və etibarsız ittihamla çıxış edib. Bu ilk dəfə deyil ki, YAP-çı Siyavuş Novruzov mətbuata belə əsassız sözlər deyir.
Deputat Siyavuş Novruzov iranlı millət vəkili ilə bağlı APA-ya müsahibəsində deyib: "İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək".
S. Novruzov qeyd edib ki, İran ordusunun generalı olan M. Həqiqətpur 1993-cü ildə Azərbaycanda fəaliyyət göstərib: “Hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq."
Siyavuş Novruzoviddia edib: "O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub. İranda indi də bəziləri Nardarandakı inanclı insanları müxtəlif yolla təsir altına salmaq istəyir”.
Ərdəbilin millət vəkili hələ 2013-cü ildə Azərbaycan Respublikası xalqına ünvanladığı 2-ci məktubunda Azərbaycan parlamenti deputatının açıqlamalarını gülünc və əsassız adlandırmışdır: "Məlum deyil ki, hansı məntiqlə və hansı səbəbə daim Ermənistan və separatçı “Dağlıq Qarabağ Respublikası”na kömək edən, hətta BMT-də səsvermələrdə adətən Azərbaycanın ərazi bütövlüyünün lehinə səs verməyən İsrail rejimi və ABŞ Azərbaycanın dostu hesab olunurlar. Lakin Azərbaycanın müstəqilliyindən indiyə qədər bu ölkəyə heç bir köməyini əsirgəməyən İran düşmən kimi təqdim olunur."
Həqiqətpurun 2013-cü ildə YAP-çı Siyavuş Novruzova cavabında deyilir: "Novruzxanın mənim barəmdə irəli sürdüyü qəribə, əlbəttə gülünc iddialarına toxunmağı zəruri hesab edirəm. O iddia edib ki, mən 1996-cı ildən Azərbaycan polisinin axtarışında olmuşam və mənim barəmdə cinayət işi açılıb. Çox təəccübləndiricidir ki, mən son illər ərzində, xüsusilə Ərdəbil valiliyi dövründə bir neçə dəfə Azərbaycan Respublikasına səfər etmişəm. Mənim Bakıya son səfərim 3 may 2010-cu ildə olmuşdur. Bu səfərdə prezident və digər dövlət rəsmiləri ilə rəsmi görüşlərim olub. Bundan əlavə bir neçə dəfə Azərbaycanın İrandakı səfiri öncədən vaxt alaraq mənimlə görüşmüşdür. O həmçinin iddia edib ki, mənim barəmdə 200 səhifəlik cinayət işi vardır. Lakin mən çoxdandır deyirəm ki, neçə min səhifəlik yazılı məlumatlar və 100 saatdan artıq video-çarx varımdır ki, hamısı bizim Qarabağ müharibəsində Azərbaycana köməyimizi təsdiqləyir. Mən hazıram hər ikisi medialar qarşısına çıxarılsın və öz sənəd və faktlarımı irəli sürüm."- Mənsur Həqiqətpur belə deyib.