AİP Natiq Kərimovla bağlı müraciət yaydı
Azərbaycan İslam Partiyası ölkə hüquq mühafizə orqanları və təhlükəsizlik xidmətlərinə müraciət ünvanladı. AİP Nardaran ağsaqqalı Natiq Kərimovun həbsi ilə bağlı narahatçılığını ifadə edərək ölkəmizin hüquq mühafizə orqanlarına N.Kərimovun barəsində irəli sürülən ağır ittihamın ləğv edilməsi barədə müraciət etmişdir.
Azərbaycan İslam Partiyasının müraciətində deyilir:
Bakının Nardaran qəsəbəsinin hörmətli ağsaqqalı Natiq Kərimov barədə irəli sürülən ağır ittiham - vətənə xəyanət gözlənilməz bir ittihamdır. Natiq Kərimovu tanyanlar bilirlər ki, o, sakit təbiətli, vətənpərvər, qanunçuluğu sevən bir insandır. Bir ictimaiyyətçi kimi də N. Kərimov ekstrimal situasiyalarda hər kəsi ictimai sabitliyi qorumağa, qanunlara, hüquq-mühafizə orqanları əməkdaşlarının tələb və gostərişlərinə diqqətlə yanaşılmağa və riayət etməyə dəvət etmiş, heç bir təxribata getməməyə çağırmışdır. O, heç zaman insanları təxribata səsləməmiş, əksinə, bu halların yolverilməz olduğunu bildirmişdir.
Azərbaycan İslam Partiyası olaraq hesab edirik ki, Natiq Kərimov barədə həbs-qətimkan tədbirinin seçilməsi və şübhəli şəxs qismində vətənə xəyanət ittihamı ilə təqsirləndirilməsi başadüşülən deyil.
Ümid edirik ki, barəsində ağır ittiham irəli sürülən Natiq Kərimov barədə düzgün qərar qəbul olunaraq azadlığı təmin ediləcək.
Natiq Kərimov ölkə ictimaiyyəti tərəfindən həqiqətən sağlam düşüncəli insan, ağsaqqal kimi tanınır. Həm də onun fiziki cəhətdən qüsurlu olması nəzərə alınmaqla humanizm baxımından bu gün təcridxanada saxlanması düzgün sayılmır. “-Azərbaycan İslam Partiyasının müraciətində belə deyilir.