Azərbaycanda Konstitusiya Günü qeyd olunur
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.
APA-nın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.