Dek 01, 2017 14:22 Asia/Baku
  • İran xarici işlər naziri Azərbaycan prezidenti ilə görüşüb

“Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak məqsədi ilə Bakıya səfər edən İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb, danışıqlar aparıb.

 “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı bu gün 1 dekabrda Bakıda işə başlayıb. Konfransda 40 ölkə və beynəlxalq təşkilatın 250 nümayəndəsi iştirak edir.

İRİB-nin verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutan görüşdə ikitərəfli əlaqələr, üçtərəfli İran, Azərbaycan və Türkiyə əməkdaşlıqları, terrorizm və radikalizm ilə birgə mübarizə, Xəzər resurslarından birgə istifadə layihəsi, Əfqanıstan xüsusunda əməkdaşlıq, tranzit və yüklərin daşınması habelə, iki tərəfi maraqlandıran digər siyasi məsələlərlə bağlı danışıqlar aparılıb.

İranın xarici işlər naziri və Azərbaycan prezidenti bu görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf sürətindən razılıq edərək, Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi məsələsinə təkid ediblər.

Məhəmməd Cavad Zərif həmçinin, Bakıda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb, ikitərəfli əlaqələr və regional məsələlər barədə danışıqlar aparıb.

İranın xarici işlər naziri sabah da Azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşüb, danışıqlar aparmalıdır.

Pakistanın xarici işlər naziri Xacə Məhəmməd Asif ilə də görüş İran xarici işlər nazirinin səfər proqramına daxil edilib.

Teqlər