Keçmiş hicab məhbusuna hökm oxundu
Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasovun son məhkəməsi keçirilib.
İranın Teleradio Təşkilatının Bakı ofisinin verdiyi məlumata görə, ğtən ilin oktyabr ayında həbs olunan Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasovun son məhkəməsi keçirilib.
Bu məlumata görə, Bərdənin tanınan dindarlarından olan Elşən Abbasova rayon məhkəməsi 2 il 6 ay həbs cəzası verib.
Ona qarşı 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə cinayət işi açılmışdı.
İctimai və islamçı fəal Bərdə rayonunda xeyriyyəçi və müəllim kimi tanınıb. Xatırladaq ki, Elşən Abbasov 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən ikinci hicab aksiyasında saxlanılıb, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə önünə bir qrup dindar cəm olaraq, ona öz dəstəyini nümayiş etdiriblər.