Azərbaycanda daha 300 məhkum azadlığa buraxıla bilər
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov may ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa buraxılacağını bildirib.
Virtualaz xəbər portalının məlumatına əsasən, Milli Məclisin dünən keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: "Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib və bunlar kifayət qədər insana şamil olunub. Virusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi. May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur".
Qeyd edək ki, həbsdə qalan məhbuslar arasında bir çox əqidə məhbusu da vardır. O cümlədən adları siyasi məhbus siyahısında çəkilən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov, ilahiyyatçı Ruhullah Axundzadə və bəzi digər fəallar 2011-ci ildən həbsdə saxlanılırlar.
Ötən ilin dekabr ayı Avropa Şurasının Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi öz məruzəsində bildirmişdi ki, Azərbaycanın ‘sistematik’ siyasi məhbus problemi var. Ona görə də Azərbaycan Avropa İnsan Haqları Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirmək üçün fundamental islahatlar aparmalıdır.
Lakin Azərbaycan hakimiyyəti indiyədək ölkədə siyasi məhbus probleminin mövcudluğunu qəbul etməyib, fərdlərin törətdikləri cinayətlərə görə cəzalandırıldığını deyib. Bununla belə ötən il noyabrın 25-də Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup siyasi məhbus sayılan şəxslərlə bağlı yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 112 nəfərin adı daxil edilib.
Hazırda ölkəyə yeni baş prokurorun təyin edilməsi ilə siyasi məhbus məsələsində müəyyən irəliləyişin olacağı istisna edilmir. Prezident İlham Əliyevin baş prokuror Kamran Əliyevə dünənki tapşırıqları da bunu deməyə əsas verir. Ölkə başçısı bəyan edib ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.