May 16, 2020 04:28 Asia/Baku
  • Tramp Azərbaycan prezidentinə məktubunda

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Amerika prezidentinin azərbaycanlı həmkarına yazdığı məktubda bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini iddia edib.

SəhərAzəri Teleqraf.com-a istinadən xəbər verir, Hikmət Babaoğlu bildirib ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda dövlətimizin ərazi bütövlüyünü önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir.

Millət vəkinin bu iddianı irəli sürməsinə baxmayaraq, "ərazi bütövlüyü" ifadəsi Trampın məktubunda gözə çarpmır. Bunu prezident İlham Əliyevin də dünənki açıqlamasından başa düşmək olur.

Əliyev bu barədə deyib: "Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür".

Xatırladaq ki, ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, ötən 3 dekadada bütövlükdə bu rəsmi mövqeyə zidd davranıb və istər müxtəlif vasitələrlə Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoyan addımlar atıb. Ermənistanla yanaşı hər il ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikasına təxminən 5 milyon dollar yardım ayrılması, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın dediyi kimi müxtəlif xəritələrdə ABŞ-ın Azərbaycan xəritəsini və dövlət sərhədlərini təhrif etməsi, həmçinin Vaşinqtonda separatçı rejimin siyasi nümayəndəliyinin fəaliyyətinə icazə verilməsi Birləşmiş Ştatların elan etdiyi siyasətə müğayir davrandığını göstərir. 

 Maraqlıdır ki, Amerika hökumətinin bu hərəkətləri ölkənin müxtəlif ştatlarında hökm sürən erməni təəssübkeşliyindən də fərqlənmir və bəlkə də onu tamamlayır. Bu günlərdə ABŞ-ın Minnesota Ştatının Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması əsla təsadüfi sayılmamalıdır.  

Minnesota ABŞ-da 9-cu ştat olaraq qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası müstəqilliyini tanıyıb. Bundan əvvəl Kaliforniya, Ceorcia, Havai, Luiziyana, Mayn, Massaçusets, Miçiqan və Rod Aylend ştatları da erməni separatçılarına dəstək vermiş və "DQR"-nin müstəqilliyini tanımışlar.

ABŞ rəsmiləri adətən belə hallara görə cavabdeh olmaq istəmir və yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər. Ancaq bu şablon ifadələr artıq heç kəsi qane etmir, və Trampın məktubunda ABŞ-ın guya Azərbaycanın suverinliyini və müstəqilliyini dəstəklədiyi bildirməsinə inanmaq ən azı sadəlövhlük olardı. 

Teqlər