Azərbaycan Respublikası DTX terror qruplaşmasına qoşulan şəxsi həbs edərək ölkəyə gətirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i361865-azərbaycan_respublikası_dtx_terror_qruplaşmasına_qoşulan_şəxsi_həbs_edərək_ölkəyə_gətirib
1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəyə gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2020 17:30 Asia/Baku
  • Azərbaycan Respublikası DTX terror qruplaşmasına qoşulan şəxsi həbs edərək ölkəyə gətirib

1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəyə gətirilib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəyə gətirilib.

SəhərAzəri xəbər verir, APA-nın DTX-yə istinadən verdiyi məlumata görə, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.

Hazırda həbs olunmuş Saleh Adilov barəsində cinayət işi davam etdirilir.