Azərbaycan Sosial Demokrat Partiyasının sədri:
“Siyasət ağzına gələnləri danışanların yeri deyil”
“Milli Şuranın fəaliyyəti ancaq dedi-qodu ilə məşğul olmaq və onu-bunu təhqir etməkdir. Bunu Milli Şuranın məlum videokonfransı bir daha sübuta yetirdi”.
SəhərAzəri xəbər verir, Bunu “Report”a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Partiya sədrinin sözlərinə görə, onların bir arzuları var ki, "bəlkə qaytardılar":
“Anlamırlar ki, xalq bir dəfə bu zibilə düşüb. Onlar kimilər 1992-ci ildə hakimiyyətə gəldilər və xalqı pis vəziyyətə saldılar. Bir daha xalq onlara bu imkanı verməyəcək. Odur ki, onlar nə qədər istəyir oturub dedi-qodu və bir-birilərini təhqir etsinlər”.
A.Əlizadə həmçinin qeyd edib ki, videokonfransdan sonra Milli Şurada baş verən istefalar bu qurumun mənasız olduğunu göstərdi: “İnsanlar mənəviyyatı olmayan təşkilatı tərk edirlər. Ümumiyyətlə isə videokonfransda iştirak edən insanların bir-birinə qarşı münasibəti, dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanıb”.
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev isə “Report”a açıqlamasında özünü Milli Şura adlandıran, ancaq məlum xarici güvvələrin təşəbbüsü ilə formalaşan və "fəaliyyətini" davam etdirən, millilikdən uzaq olan bir qrupda toplaşan "siyasət tör-töküntülərinin" videokonfrans adlandırdıqları, etikadan kənar ifadələrlə "bəzədilmiş" məzhəkəyə baxdığını deyib:
“Bir daha aydın oldu ki, demokratiyadan, insan haqlarından həmişə ağızdolusu danışan bu üzdəniraq "siyasətçilərin" əslində nə demokratiya, nə də insan haqları haqqında elementar təsəvvürləri belə yoxdur. Onlara xatırlatma: cənablar, demokratiyanın bir sıra fundamental prinsipləri var ki, onlardan da ən əsasları əks fikirliliyə hörmət, oponetlərinə münasibətdə etik davranış qaydalarına riayət etməkdir. Videokfrans boyu səsləndirilən "yaramaz gədə", "yaramazlar", "ikiüzlü", "riyakar", "üzdəniraq", "rusvayçı", "Mən çox təəssüf edirəm ki, 41-45-də Hitler geyləri qırıb qurtarmadı..." kimi ifadələr özünü "insan haqları uğrunda mübariz" elan edən siyasətçilərə yaraşarmı və belələrini siyasətçi adlandırmaq olarmı? Ən acınacaqlı hal odur ki, bu cür təfəkkürə sahib olan üzdəniraq "siyasətçilər" hakimiyyətə gəlmək istəyirlər!? Opponetlərini "bədbəxtlər", "bitmiş siyasətçi" adlandıranlar heç olmasa gündə bir dəfə olsa da, güzgüyə baxırlarmı? Bədbəxt, bitmiş siyasətçilər kimlərdir cənab Cəmi Həsənli və qadına yaraşmayan ifadələr işlədən Gültəkin xanım? Necə olur ki, sizlər Milli Məclisə "seçiləndə", sizlərə firavan həyat bəxş ediləndə bu iqtidar, onun Prezidentləri möhtəşəm, hər şeyə qadir idilər, seçilməyəndə antidemokratik, insan haqlarını pozan olurlar? Məgər aydın deyil ki, sizin və sizin kimilərin "fəaliyyəti" ölkəmizdə azad, ədalətli, demokratik cəmiyyətin qurulmasına yox, revanş almağa hesablanıb?
Videokonfransın xeyli hissəsinin milli mentalitetimizə təmamilə yad olan "qərbin bir nömrəli prioritet" saydığı, "həssas yanaşdığı", mövzulara, o cümlədən seksual azlıqların hüquqlarının qorunmasına həsr edilməsində məqsəd nə idi? Siyasət böyük elmdir cənablar, bura ağına-bozuna fikir vermədən "ağzına gələnləri danışanların", öz şəxsi, xəbis mənafelərini milli, dövlət mənafeyindən üstün tutanların, başqalarının əlində maşa rolunu oynayanların yeri deyil!”
Partiya sədri Milli Şuranın "fəaliyyətini" vaxtaşırı izlədiyini də qeyd edib: “Ancaq indiyədək bu "Şuranın" iç üzünü açan belə "toplantı"nı xatırlamıram! Beləcə də davam edin cənablar”.