May 18, 2020 14:34 Asia/Baku
  •  Laçının demoqrafik tərkibi dəyişdirilir

Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-cı ildönümünündə erməni tərəfinin Laçında demoqrafik tərkibi dəyişdirməsi iddia olunub.

SəhərAzəri xəbər verir, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur. Bu müddət ərzində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Digər tərəfdən Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir".

Açıqlamada həmçinin Ermənistan dövləti münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında işğala əsaslanan status-quo rejimini möhkəmləndirməyə çalışmaqda və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürütməkdə ittiham olunub. Lakin qeyd olunur ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.

Teqlər