May 31, 2020 16:54 Asia/Baku
  • Müdafiə Nazirliyi deputatın ittihamına cavab verib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.

SaharAzeri APA-ya istinadla bildirir ki, MN-nin məlumatında müdafiə nazirinin son bir ildə heç bir brifinqdə iştirak etmədiyi və buna görə də Şuşa ilə bağlı ona heç bir sual verilmədiyi diqqətə çatdırılır. 
 

Məlumatda qeyd olunur ki, millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu tənqid edib. Deputat çıxışında Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca yaxşı danışa bilmirlər”.

Deputat separatçı rejiminin yeni “rəhbəri”nin Şuşada “inauqurasiya” mərasiminin keçirilməsinə də toxunub: “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

MN-nin həmin deputata reaksiya məlumatında isə deyilir: Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir. 

Deputatın tənqidləri ilə MN-nin cavabı arasında uyğunluq müşahidə edilmir. 

Teqlər