İyul 18, 2020 08:08 Asia/Baku
  • Azərbaycan Respublikası ilə bağlı son məlumat təqdim olunur

İranın xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə bu ölkə ilə Ermənistan arasındakı son döyüşlər barədə söhbət edib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Ceyhun Bayramovla telefon söhbətində öncə onu Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib. Zərif sonra azəri və erməni qüvvələr arasındakı son döyüşlərdən, eləcə də Azərbaycan Respublikası hərbçilərindən bir qrupunun həyatını itirməsindən təəssüf ifadə edib.

Tehran-Bakı əlaqələrinin genişləndirilməsini vurğulayan Zərif bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikası ilə Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyə hazırdır.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da dünən bildiribdir ki, ölkəsi heç bir vəchlə Ermənistanın hücumları qarşısında Azərbaycan Respublikasını tək buraxmayacaq.

Ərdoğan dünən İstanbulda cümə namazında iştirakdan sonra müxbirlərlə müsahibədə bu mətləbi bəyan edib. O, Ermənistanın Azərbaycan Respublikasına hücumlarını pisləyib və bildirib ki, Ermənistan neçə illər bundan öncədən Azərbaycan Respublikası ərazisinin bir hissəsini öz işğalı altında saxlayır. O qeyd edib ki, Qarabağ hazırda Ermənistanın işğalı altındadır.

Dünya ictimaiyyətinin bu iki ölkə arasındakı münaqişəyə son qoymaqda aciz qalmasını tənqid edən Ərdoğan bildirib ki, Minsk Qrupu 25 ildən çoxdur ki, bu işə baxmayıbdır.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov deyib: Rusiya Azərbaycan Respublikası ilə Ermənistan arasındakı gərginlikləri həll etmək üçün vasitəçilik etməyə hazırdır.

Kremlin sözçüsü sonra deyib: Rusiya prezidenti Vladimir Putin və bu ölkənin milli təhlükəsizlik şurasının üzvləri Cənubi Qafqaz ölkələri arasında gərginliklərin artmasından son dərəcə nigarandırlar.

Peskov həmçinin bildirib ki, Putin Rusiya hökumətinin digər yüksək vəzifəli şəxsləri ilə yanaşı, tərəflərin atəşkəsə sadiq qalmaları zərurətinə təkid edibdir.

Son zamanlar Azərbaycan Respublikası ilə Ermənistan arasında Tovuz rayonunda gedən döyüşlərdə indiyədək hər iki tərəfdən onlarla nəfər ölüb və yaralanıbdır.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1991-ci ildə hərbi döyüşlərə çevrilibdir. Nəticədə Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan qüvvələri tərəfindən işğal olunubdur.

 

Teqlər