Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən konkret təkliflər gözləyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i365053-azərbaycan_atƏt_in_minsk_qrupunun_həmsədrlərindən_konkret_təkliflər_gözləyir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi ölkəsinin həmsədrlərindən Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözlədiyini bəyan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2020 03:24 Asia/Baku
  • Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən konkret təkliflər gözləyir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi ölkəsinin həmsədrlərindən Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözlədiyini bəyan edib.

SəhərAzəri xəbər verir, Hikmət Hacıyev bildirib: "Azərbaycan danışıqlar prosesinə sadiqdir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və azərbaycanlı qaçqınların evlərinə qayıtmasını təmin etmək məqsədilə biz həmsədrlərdən əsaslı danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı konkret planlar, konkret təkliflər gözləyirik".

Prezidentin köməkçisi qeyd edib ki, Tovuz döyüşləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri və bütün beynəlxalq ictimaiyyət tərəfindən fəaliyyətin gücləndirilməsinin zəruriliyini bir daha ortaua qoydu. Və son vəziyyətin kəskinləşməsi bir daha göstərdi ki, erməni tərəfi bölgədəki vəziyyəti gərginləşdirmək, təmas xətti və iki ölkə arasındakı dövlət sərhədi boyunca gərginlik və eskalasiya yaratmaq üçün həmişə belə hərbi avantüralardan istifadə edir".

Onun sözlərinə görə, Azərbaycan ATƏT-in Minsk Qrupunun işindən məmnun deyil: "Mən onlara açıq şəkildə dedim ki, onların mesaj çatdırmaqdan ibarət olan iş mexanizmləri qeyri-effektivdir. Onlar erməni tərəfindən hansısa məlumatlar alırlar, bu məlumatları bizə çatdırırlar və sonra tərsinə. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqınların doğma torpaqlarına qayıtması üzrə konkret plan olmalıdır. Unutmayın ki, qrupun üç həmsədri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bir daha təkrar edim ki, ortada hərbi işğal faktı var. Həmsədrlər bu fakta siyasi və hüquqi qiymət verməlidirlər və biz bunun əsasında irəliləməliyik. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri, o cümlədən qanunsuz köçürülmələr danışıqlar prosesinin mənasını tamamilə məhv edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi həmsədrlərin mandatını təşkil edir. Başqa sözlə, onların əsas məqsədi bu qətnamələrin tələblərinin yerinə yetirilməsi olmalıdır-deyə Hikmət Hacıyev vurğulayıb.