Azərbaycanlı millət vəkili Qarabağda müharibə ehtimalının artmasından danışdı
Azərbaycanlı millət vəkili mövcud şəraitdə Qarabağda müharibə ehtimalının daha yüksək olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Milli Məclisin deputatı, siyasi şərhçi Elşad Mirbəşiroğlu Teleqraf Xəbər Portalına açıqlamasında deyib ki, Ermənistan Azərbaycanda iri yaşayış məntəqələrini vuracağı ilə hədələyir. Bu təbii ki, münaqişənin hazırkı səviyyəsində Ermənistanın işğalçılığının davamlılığını göstərir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi bir daha nümayiş olunur.
Onun sözlərinə görə, Ermənistan davamlı təxribatlar törədir. Azərbaycan tərəfinin ikinci böyük şəhəri olan Gəncəni vuracağı ilə hədələyir. Bunlar göz önündə olduğu halda Minsk Qrupu sözdə də olsa, etiraz bildirmir. Belə hallar iki məqama diqqət tələb edir. İlk növbədə Ermənistanı danışaraq yola gətirmək olmur, işğalçı mövqeyində israrlıdır. İkinci məqam isə Ermənistan özünü ATƏT-in fəaliyyətsizliyi fonunda tam cəzasızlıq şəraitində hiss edir. Bu cür yanaşmalar nəticə etibarı ilə müharibə ehtimalını daha da artırır"..
Deputat qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində bütün iradəsini ortaya qoyub. Lakin beynəlxalq instasiyalar hələ də məsələyə ikili standartlarla yanaşırlar. Belə olan halda Azərbaycan tərəfindən münaqişənin dinc yollarla həll olunmasına inam alt-üst olur. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatına cavab olaraq cəmiyyətin orduya dəstəyi də bunun bariz nümunəsi idi. Düşmənin işğalçılıq siyasətini davam etdirməsi regionda ciddi fəlakətin yaxınlaşmasına şərait yaradır. Əslində Azərbaycan dövlətinin səbrini sona qədər sınağa çəkmək çox təhlükəlidir. İşğalçı Ermənistanın Gəncə təhdidləri beynəlxalq instansiyaların ciddi yanaşmalarına səbəb olmalıdır. Əks halda vəziyyətin nəzarətdən çıxma ehtimalı böyükdür”.