Azərbaycan XİN həmsədr ölkələrin bəyanatına münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına münasibət bildirib.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, açıqlamada bildirilir: "Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.
Bundan əvvəl isə Ermənistan rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “andiçmə” mərasimində iştirak üçün Şuşa şəhərinə getməsi, işğal olunmuş Xankəndi şəhərində təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, işğalçı ölkənin “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürməsi, münaqişənin həlli danışıqlarda 7 qeyd şərt irəli sürməsi, eləcə də danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə zərbə vurub.
Hazırda Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıblar.