Azərbaycan Respublikası Ermənistanı destruktiv fəaliyyətdən çəkinməyə çağırıb
"Son günlər ərzində, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir".
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib ki, həmin ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad edilib.
Məsələ ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin cari ilin 13 dekabr tarixli birgə açıqlamasında ətraflı məlumat verilib: "Rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib".
Azərbaycan Respublikasının XİN nəzərə çatdırır ki, öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər: "Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş Bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur", - deyə əlavə olunub.