AR-nın azad edilmiş ərazilərində dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır
Azərbaycan Respublikasının prezidenti, İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkə başçısının tapşırığına əsasən 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış və düşmən tərəfindən minalanmış ərazilərdə xidmət edən Azərbaycan Ordusunun şəxsi heyətinin yerləşdirilməsi, qidalanması və məişət xidmətləri ilə təmin edilməsi məqsədilə ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş və səhra şəraiti üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər alınır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti azad edilmiş ərazilərdə yerləşən bölmələr üçün alınmış səyyar obyektlərə baxış keçirib.
Məruzə edilib ki, azad edilmiş yaşayış məntəqələrində, dağlıq ərazilərdə, çətin keçilən yüksəkliklərdə, sərt iqlim şəraitində xidmət edən şəxsi heyət üçün müxtəlif ölçülü konteyner və çadırlarda yataqxanalar, yeməkxanalar, ayrıca mətbəx və qabyuma otaqları, eləcə də silah otaqları, kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılacaq.
Məlumat verilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir.
Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə stasionar tibb məntəqələri inşa edilənədək bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.