Yan 05, 2021 21:03 Asia/Baku
  • Ayvazyanın Qarabağa qanunsuz səfəri gərginliyi alovlandırmaq cəhdidir

"Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir".

SəhərAzəri xəbər verir, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə münasibət bildirərkən deyib.

"Xatırladırıq ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi İrəvan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir.

10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir", - XİN rəsmisi bəyan edib.

Teqlər