Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
SəhərAzəri xəbər verir, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.
İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Novruzun müjdəsi olan Yel çərşənbəniz mübarək!