Azərbaycan Respublikası prezidenti İlham Əliyev əfv Sərəncamı imzalayıb
Azərbaycan Respublikası prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
SəhərAzəri xəbər verir ki, bu gün əfv olunmuş 625 nəfərin arasında 38 nəfər siyasi məhbus var, bu barədə Turan-a hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.
Onların arasında 2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş iğtişaşlarla bağlı mühakimə olunmuş 28 nəfər var.
Xalq Cəbhəsi Partiyasının 4 üzvü və onların arasında jurnalist Elçin İsmayıl da azad edilib.
2018-ci ildə Gəncədə baş vermiş iğtişaşlar işi üzrə mühakimə olunmuş bir nəfər azad edilib.
Məktəbdə hicabın qadağan edilməsinə etiraza görə məhkum edilən İslam Partiyası üzvlərindən biri azadlığa çıxıb.
Digər bir siyasi məhbus isə xaricdə yaşayan siyasi mühacirin qohumudur.
Qeyd edək ki, əfv olunanlar arasında 1994–cü ildə Bakı metrosunda törədilmiş terror aktına görə 2001-ci ildə ömürlük mühakimə olunmuş Azər Aslanovun olduğu deyilirdi, ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc buna aydınlıq gətirib.
O, deyib ki, Aslanov Azər Salman oğlu və Aslanov Azər Məhərrəm oğlu iki fərqli şəxsdir. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxs Aslanov Azər Məhərrəm oğlu deyil, Aslanov Azər Salman oğludur.