Ombudsman: "Erməni əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabat qərəzlidir"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 19 mart 2021-ci il tarixli hesabatında Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddialarına münasibət bildirib.
SəhərAzəri xəbər verir ki , Ombudsman Aparatından APA-ya verilən məlumatda deyilir:
"Biz təəssüflə qeyd edirik ki, “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır.
Münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalı və birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir. Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikilistandartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq.
HRW təşkilatından onlara qarşı birbaşa şahidi olduqları pis rəftarla bağlı ətraflı məlumat verə biləcək keçmiş azərbaycanlı müharibə əsirlərini, o cümlədən birgə tutulduqları və ya eyni kameralarda saxlanıldıqları digər müharibə əsirləri barədə də araşdırma etməsini və onlardan müsahibə almasını gözləyirik. Ən azından öz hesabatlarını yaymazdan öncə, HRW Ermənistan əsirliyindəsaxlanılan Azərbaycanın müharibə əsirləri və girovlarına qarşı rəftar barədə Azərbaycan Ombudsmanının hesabatı ilə tanış ola bilərdi.