“Ermənistan terrorçu diversantları “hərbi əsir” kimi qələmə verir”
Azərbaycan Respublikasının xarici işlər naziri Ermənistanı əsirlər məsələsini şişirtməkdə ittiham edib.
SəhərAzəri xəbər verir ki, Ceyhun Bayramov İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib: Ermənistan birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu diversant qüvvələr göndərdi, Azərbaycanın hərbçiləri və mülki şəxsini qətlə yetirən bu qrupun üzvləri zərərsizləşdirildi və hazırda onlarla bağlı cinayət işi aparılır.
Nazir qeyd edib ki, Ermənistan tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürür.
Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən, bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir, İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, müharibədən sonra 62 erməni hərbçi Azərbaycan ordusu tərəfindən saxlanılıb.