Qaragöl danışıqları barədə qeyri-rəsmi məlumat yayılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i377084-qaragöl_danışıqları_barədə_qeyri_rəsmi_məlumat_yayılıb
Azərbaycan , Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2021 09:06 Asia/Baku
  • Qaragöl danışıqları barədə qeyri-rəsmi məlumat yayılıb

Azərbaycan , Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

SəhərAzəri-nin Musavat.com-a istinadən verdiyi məlumata görə,  Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirib ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir. Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir. Lakin bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Paralel olaraq "Sputnik Azərbaycan" bildirir ki, erməni mediasının danışıqlar barədə yazdıqlarının leytmotivi bundan ibarətdir: Sabah Azərbaycan hərbçilərinin 2 km geri çəkilməsi (3,5 km irəlilənmişdi) gözlənilir, Azərbaycan Ordusunun 60 hərbçisinin qalacağı 3 müşahidə postu yaradılacaq. Habelə, Azərbaycan hərbçilərinin mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşməyəcək. Erməni KİV-ləri onu da iddia edir ki, Azərbaycan tərəfi hansısa müəyyən şərtlər irəli sürüb, lakin media hələ bunlardan xəbərsizdir, danışıqlar iki gün ərzində davam edəcək.