Azərbaycan prezidenti sionist rejimlə əməkdaşlıqdan danışdı
İ.Əliyev: "İsraillə ticari əlaqələr daha da inkişaf etməkdədir"
Azərbaycan Respublikasının prezidenti işğalçı İsrail rejimi ilə əməkdaşlıqdan danışıb.
SəhərAzəri-nin məlumatına əsasən, prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə işğalçı İsrail rejimi ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycanla İsrail arasında ticarət münasibətləri mövcuddur və bu münasibətlər daha da inkişaf etməkdədir.
Son günlər az qala bütün dünyanın Qəzzədə törədilən vəhşilikləri qınadığı və bu rejimin boykot edilməsinə çağırdığı bir vaxtda, prezident İsrail rejimi ilə əməkdaşlığın daha da genişlənməkdə olduğunu qeyd edib. “İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur. Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu elə bir haldadır ki, son günlərdə Türkiyə və İran ictimaiyyəti də daxil bütövlükdə İslam Dünyası işğal olunmuş Fələstin torpaqlarında, Qəzzədə İsrailin törətdiyi hərbi cinayətləri qarşısında Azərbaycanın da sərt mövqe sərgiləyəcəyini gözləyirdi və indi 12 gün mövqesizliyin ardınca İsrail ilə əməkdaşlığın inkişaf etdiriləcəyinə təkid olunur.
Azərbaycan dövlət başçısı öz söhbətinin davamında ölkəsinin Fələstinlə bağlı da mövqeyini təkrarlayıb. O deyib: "Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur."