Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəlilədi
Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib.
SəhərAzəri Moden.az portalına istinadla xəbər verir ki, irəliləmə Xoznavar kəndi istiqamətində qeydə alınıb. Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir.
Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini söyləyib. O deyib ki, Azərbaycan Ordusu hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar.
Xatırladaq ki, hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanıldığı müzakirə olunur, Rusiya tərəflərə məsləhət verməyə hazırlığını bildirib. Bununla belə ABŞ ilə Fransanın bəyanatları vəziyyəti bir qədər mürəkkəbləşdirib. Və bu iki dövlətin son günlər Azərbaycana qarşı təzyiqlərini artırmaları Bakıda hiddət doğurub.
Turan Xəbər Agentliyinin təhlilində belə bir sual qoyulub: “Məgər Azərbaycan və Ermənstan sərhədlərini ABŞ müəyyən edib ki, indi Azərbaycanın onu pozduğunu təsdiq edir? Amerika bu sərtlikdə bəyanatı hətta 1992-93-cü illərdə Azərbaycanın yeddi rayonu işğal edilən zaman verməmişdi. Görünür, 10 noyabr anlaşmasını həzm edə bilməyən ABŞ oyundan kənar qalmamaq üçün “Qarabağın statusu”, “Qarabağa birbaşa yardım” və s. kimi bəyanatlarla bir formada prosesə daxil olmaq istəyir.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinya dünən parlamentdə Azərbaycanla sərhədlərin razılaşdırılması ilə bağlı yeni sənədin hazırlanması barədə yayılan xəbərləri təsdiqləyib.
Paşinyan qeyd edib ki, əgər Azərbaycan onun şərtlərini qəbul etsə, sözü keçən sənədi imzalayacaq. Sənəddə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair məsələləri həll etmək üçün üçtərəfli işçi qrupunun yaradılmasından söhbət gedir. Onun iddiasına görə, iki ölkənin delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri çoxdur. Və əgər indiki situasiya həll edilsə belə, gələcəkdə analoji situasiya yarana bilər.