İran səfirindən tutarlı cavab
İsrail səfirinin qara piar kampaniyası fiaskoya uğrayır-TƏHLİL
Sionist İsrailin Azərbaycan Respublikasında İran İslam Respublikasına qarşı təxribatının qarşısı alınmalıdır. Bunun üçün rəsmi Bakıda siyasi iradə göstərəcəki?
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi qonşu və müsəlman xalqların vəhdətini görmək istəməyən sionist İsrailin Bakıdakı səfirinin sayıqlamalarına tutarlı cavab verib. Diplomat öz Tvitt hesabından işğalçı rejimin Bakıdakı səfirinə xitabən yazıb: “Eşitmişəm özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və ağzını yalana bulamısan. Görünür, hələ iranlı və azərbaycanlıya məxsus olan qeyrət və təəssübkeşlikdən heç nə bilmirsən. Məlumatın artsın deyə: Biz ətlə dırnaq kimi vahid və ayrılmazıq və irinin və çirkin dırnaqlarımız altında yuva qurmasına icazə vermərik”.
Xatırladaq ki, yaradıldığı gündən Fələstin xalqına və müsəlman xalqlara qarşı davamlı şəkildə terror törədən, elə son günlərdə fələstinli qadın və uşaqların başına bomba yağdıran sionist aparteid rejiminin Bakıdakı səfiri mənsub olduğu saxta rejimi təmizə çıxarmaq üçün İrana qarşı ittihamlar səsləndirib və Azərbaycana ən yaxın və doğma olan dövləti terrorizmin bir nömrəli sponsor adlandırıb. Sionist səfir həmçinin İran ilə Azərbaycan Respublikası arasındakı sarsılmaz və möhkəm əlaqələri hədəfə almaq istəmişdir.
İsrail səfirinin bu sərsəm fikirləri son günlərdə Azərbaycan Respublikasındakı bəzi medialarda İrana qarşı cərəyan edən qara piar kampaniyası ilə eynilik təşkil edir və bu məsələ bir çoxunda belə qənaət yaradıb ki, İsrail Səfirliyi İranı şərləmək üçün bütün mümkün vasitələrdən istifadə edir, irqçi rejimi Azərbaycan xalqının dostu, İranı isə onun düşməni kimi qələmə verməyə can atır.
Maraqlıdır ki, üçüncü qüvvənin İran-Azərbaycan əlaqələrində təxribat törətməsi barədə prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. O, 2014 il noyabrın 13-də Azərbaycan-İran Biznes Forumundakı nitqində demişdi: “Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik. Baxmayaraq ki, belə cəhdlər var. Hər iki tərəfin güclü iradəsi heç vaxt imkan verməyəcək ki, münasibətlərimizə kimsə qarışsın, hansısa təxribat törətsin və beləliklə, öz istəyinə nail olsun. Bunun qarşısını alan hər iki dövlətin güclü siyasi iradəsidir.”
İlham Əliyev həmçinin iki ölkə arasında dini, tarixi və mədəni əlaqələrə işarə edərək, "İran və Azərbaycan hər zaman bir-birinin yanında olub və olacaq”- deyə ölkələrimiz arasındakı səmimi münasibətlərin inkişaf etdirilmsini müdafiə etmişdi.
Ancaq təbii ki, bu normal mövqe üçüncü tərəfi qane etmir. Və İran rəsmiləri bir qayda olaraq bütün görüşlər zamanı üçüncü tərəfin ünvanını rəsmi Bakıya göstəriblər.
2006-cı il mart ayının 5-də İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Tehranda Azərbaycan dövlət başçısını qəbulu zamanı açıq şəkildə İsrail rejiminin İran və Azərbaycan arasındakı münasibətləri zədələməyə çalışdığını bildirmişdilər.
İran və Azərbaycan arasındakı yaxın münasibətlərdən düşmənlərin hirsləndiyini bildirən Ali Məqamlı Rəhbər "Bütün düşmənlərdən daha çox xəbis sionist rejim İran-Azərbaycan münasibətlərini zədələməyə çalışır. Ona görə də buna qarşı çıxmaq üçün İran və Azərbaycanın səmimi münasibətləri qorunmalıdır", - sözlərini dilə gətirmişdilər.