Azərbaycan ilə Ermənistanın sərhədində kritik vəziyyət
Müharibə ehtimalı artır
Son bir neçə gündür Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşib. Müharibə riski artır.
SəhərAzəri-nin məlumatına əsasən, mayın 28-də prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında bildirib ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir: «Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər Azərbaycan-Ermənistan sərhəddi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat cavabsız qalmamalı idi və qalmadı».
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Turan-a bildirib ki, hadisələr Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı ola bilər: «Paşinyan qəsdən bu məsələləri qızışdırır ki, diqqət onun seçki kampaniyasından yayınsın. Digər tərəfdən bu gün Ermənistan ordusunda qalmaqda olan Köçəryan, Sarkisyan tərəfdarları Paşinyanın mövqelərini daha da zəiflətmək üçün bunu qəsdən edirlər».
Politoloq Ərəstun Oruclu isə bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində və Şuşa ətrafında vəziyyətin gərginləşməsi yaxşı perspektivdən xəbər vermir.
Ekspert qeyd edib ki, bu səbəbdən Rusiya hər iki tərəfə təsir edərək müəyyən gərginliklər yaratmağa çalışır. Ona görə də müharibə təhlükəsi artır.