ATƏT-in nümayəndəsi gözlərindən pərdə asdı
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi jurnalistlərin minaya düşərək həlak olmasını avtomobil qəzası səviyyəsinə endirib.
SəhərAzəri-nin məlumatına əsasən, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro jurnalistlərin minaya düşərək həlak olmasını avtomobil qəzası səviyyəsinə endirərək Hüquq-mühafizə orqanlarını məsələylə bağlı cinayət işi açmağa çağırıb.
ATƏT və onun Minsk qrupunu minaya düşərək həlak olan azərbaycanlılar maraqlandırmır. Bunun ən son sübutu iki azərbaycanlı jurnalistin Kəlbəcərdə minaya düşərək həlak olmasına ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin münasibətidir.
Avropanın aparıcı dövlətlərinin Qafqazdakı mənafelərininin təmini məqsədi ilə region ölkələri üçün missiyalar müəyyənləşdirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və onun 30 ildir Azərbaycan ərazilərinin işğalını legitimləşdirməyə çalışan Minsk qrupu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina tələfatlarına və Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməkdən çəkinməsinə tam etinasız yanaşırlar. Belə bir şəraitdə region dövlətlərinə demokratiya iddiaları ilə təzyiq göstərmək və onlardan imtiyaz almaq məqsədi güdən ATƏT-in Kütləvi İnformasiya Vasitələrinin azadlığı üzrə nümayəndəsi "Azərbaycanlı jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir" deyərək, bu faciəli ölümün səbəbinə heç toxunmaması növbəti ikiüzlülük sənədidir.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro dünən Kəlbəcərdə Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı bəyanatında deyilir: "Məhərrəm İbrahimov ve Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına dərin başsağlığı verirəm".
ATƏT rəsmisinin bəyanatının ən gülünc və bəlkə təhqiramiz hissəsi isə günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid bildirməsidir. O ATƏT-in saytında yazıb: “Hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid edirik.”
Beləliklə bir daha sübut oldu ki, ATƏT və onun Minsk qrupu eləcə də digər Avropa qrumları Azərbaycan mülkilərinin tələfatına son qoyacaq hansısa addım atmaqda heç də maraqlı deyil və hətta formal şəkildə belə Ermənistana çağırış etmək istəmir.