İyun 12, 2021 15:31 Asia/Baku
  • Məscidə girəndə COVID pasportu tələb edilir, amma gecə klublarında yox...

Ağ Partiyanın başqanı Tural Abbaslı Azərbaycan məscidlərinə daxil olmaq üçün Covid pasportunun tələb olunmasını sərt şəkildə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, partiya sədri deyib: "Operativ Qərargahın sonuncu qərarına əsasən məscidlər ibadətə açıldı. Amma yenə də absurd qərarlar qəbul olunub. Heç kəsə sirr deyil ki, məscidlərin ərazisi genişdir. Hündürlüyü çox yüksəkdir. Ona görə də məscidlərdə virusun yayılma ehtimalı “BakuBus” avtobuslarında yayılma ehtimalından daha aşağıdır. Eyni zamanda, hər hansı bir kiçik marketin kassasının qarşısında virusun yayılmasından daha azdır. 500-1000 nəfərlik tutumu olan məscidlərə maksimum 50 nəfərin daxil olması ilə bağlı məhdudiyyətlər qoyulub. Bu anlaşılmaz və qəbuledilməzdir.

Tural Abbaslının sözlərinə görə digər bir məsələ; məscidlərə daxil olmaq üçün COVID pasportu tələb edilir. Bu məsələ də Operativ Qərargahın məhz öz qərarlarına ziddir. Çünki peyvəndləmənin könüllü olduğunu Operativ Qərargah özü elan edib. Bu o deməkdir ki, məscidə daxil olan şəxslər mütləq vaksinasiya olunmalıdır. Bəs könüllülük harada qaldı?! Ümumiyyətlə, məscidlərdə say məsələsi anlaşılmazdır. Düşünürəm ki, məscidlərlə bağlı qərar yanlışdır. Bu, nədir, nə zülmdür?! Məscidə daxil olmaq üçün Covid pasportu göstərməliən, amma axşam saatlarında içki satılan yerlərə, əxlaqsızlığın rahat şəkildə təbliğ olunduğu yerlərə rahat şəkildə daxil olurlar. 

Ağ Partiyanın başqanı sonda Bakıda məscid sayının az olmasından gileylənib: Təəssüflə qeyd etmək istəyirəm ki, Bakı şəhərində məscidlərin sayı azdır. İbadət edən insanlar üçün bu azlıq gündəlik problemlər yaradır. Nəzərə alaq ki, bir ildən artıq müddətdə məscidlər pandemiyaya görə fəaliyyətini dayandırmışdı. Səhlənkarlıq nümayiş etdirən Operativ Qərargah bu istiqamətdə heç bir addım atmaq istəmirdi. Elə bir qərar verdi ki, məscidlər bağlandı. Bir sıra ictimai iaşə obyektləri, mollar, ticarət mərkəzləri, hətta çimərliklər bəzi şərtlər daxilində dönəm-dönəm açıldı, qapadıldı. Məscidlər isə ümumiyyətlə qapalı qaldı.

Teqlər