İyun 22, 2021 13:07 Asia/Baku
  • Əlillik barədə qanun qəbul edilib

Azərbaycan Respublikası Milli Məclisində əlilliyin müəyyənləşdirilməsi meyarları barədə yeni qanun qəbul edilib.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.

Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

“Əlilliyin müəyyənləşdirilməsi haqqında layihə xeyli təzadlı mövqeləri ortaya qoydu. Qanun layihəsinin bu sahədə vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də qanunun əleyhinə səs verəcəyəm”.

bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev APA-ya verdiyi müsahibədə deyib.

Deputat bildirib ki, bu problemlərə yol açan ən ağrılı məsələ isə Nazirlər Kabinetinin qəbul etdiyi 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarıdır. Onun sözlərinə görə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilib və bir çox xəstəlik siyahıdan çıxarılıb: “Bu tip qərarları Nazirlər Kabineti təkbaşına qəbul etməməlidir. Bunu Milli Məclis müzakirə etməlidir. Ümumiyyətlə, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir. Çünki insanların qarşısına çıxan və ən qəddar suallara məruz qalan məhz deputatlardır”.-deyə deputat Razi Nurullayev deyib. 

 

Teqlər