Rusların Qarabağ ermənilərinə loyallığı narahatlıqla qarşılanır
Moskvanın Qarabağdakı ermənilərlə bağlı fəallığı ciddi şübhələrə yol açıb
Moskvanın Qarabağdakı ermənilərlə bağlı fəallığı və onlara qayğıkeş olması Azərbaycanda narahatlıqla qarşılanır.
SəhərAzəri-nin məlumatına əsasən, Atlas Araşdırmalar Mərkızi Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşdə erməni qaçqınların Qarabağa qaytarılması məsələsini müzakirə etməsinə toxunaraq bildirir: Sergey Lavrov ilk dəfə deyil ki, beynəlxalq təşkilatların nümayəndəsi ilə görüşdə erməni qaçqınların geri qayıdışı vacibliyini bildirir, halbuki heç Ermənistan hakimiyyəti Rusiya qədər qaçqınların Qarabağa qayıtması istiqamətində fəal deyil.
Məzkəzin şərhində deyilir ki, Rusiya hakimiyyətini ermənilərin Qarabağa qayıdıb hansı şəraitdə yaşayacağı maraqlandırmır. Kreml üçün önəmli olan Qarabağda daha çox erməninin yaşamasını təmin etməkdir ki, Rusiya hərbçilərinin bölgədə varlığının aktuallığı olsun. Bu səbəbdən Qarabağdakı ermənilərin sayının azalması Rusiyanın maraqlarına ziddir.
Atlas Araşdırmalar Mərkəzi xəbərdarlıq edir ki, Kreml həm Qarabağda ermənilərin sayını çoxaltmağa, həm də başqalarının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında “sülh sazişinin” imzalanmasını əngəlləməyə çalışacaq. Rəsmi Bakı isə bundan sonra İrəvanla fərqli məsələləri mümkün qədər Rusiyanın vasitəçiliyi olmadan həll etməyə çalışmalıdır.