Düşmənçiliyi arxada qoymaq lazımdır
E.Fətullayev: Ermənistanla Azərbaycan arasında böyük siyasi razılaşma imzalanmalıdır
Füzuli və Zəngilan rayonlarında basdırılan ərazilərin mina xəritələrinin verilməsi sülhə yeni üfüqlər açır. Tanınmış araşdırmaçı jurnalist öz feysbuk paylaşımında belə yazır.
SəhərAzəri-nin məlumatına əsasən, Eynullah Fətullayev iyulun 3-də bir qrup erməni diversantının azad edilməsi müqabilində iki rayon üzrə mina xəritələrinin Azərbaycana verilməsini yüksək addım adlandırıb.
Onun fikrincə, Ermənistandakı parlament seçkilərində 10 noyabr üçtərəfli bəyanatının icra edilməsinin tərəfdarı olan qüvvənin qalib gəlməsi Azərbaycan üçün hərtərəfli sülhün əldə edilməsi baxımından yeni perspektivlər açıb. Belə görünür ki, Qarabağın qeyri-hərbi bölgəyə çevrilməsinin, erməni hərbi əsirlərinin qaytarılmasının və minalanmış ərazilərin xəritəsinin verilməsinin ardınca tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat yollarının açılması üçün də fəal müzakirələrə başlayacaqlar. Bu isə o deməkdir ki, Cənubi Qafqazda çoxdan gözlənilən sülhün əlamətləri görünür.
Jurnalist qeyd edir ki, Azərbaycan və Ermənistan daha bir neçə mühüm qərar qəbul etməlidir. Və nəhayət Böyük siyasi razılaşma-yekun sülh müqaviləsi imzalamalıdır. Bu prosesin inkişafındakı başlıca amil isə budur-bütün geosiyasi oyunçular, həm ölkələrin hökumətləri, üstəlik xalqları regional təhlükəsizlik sisteminin təxirə salınmadan, tezliklə yaradılması ümidi ilə konsolidə edilmiş mövqe nümayiş etdirirlər. Əsrlik düşmənçiliyi arxada qoymaq, hər şeyi yenidən başlamaq lazımdır.