İyul 05, 2021 05:52 Asia/Baku

İyulun 4-də Xəzər dənizində baş vermiş partlayış və alovlanma Ümid qaz yatağının 10 kilometrliyində baş verib.

SəhərAzəri-nin məlumatına əsasən, bunu APA xəbər agentliyi SOCAR dövlət neft şirkətinin sözçüsünə istinadən bildirib.

Bu yataq Bakıdan 75 kilometr məsafədədir.

SOCAR şirkətinin ictimai əlaqələr departamenti rəhbərinin müavini İbrahim Əhmədov Interfax xəbər agentliyinə deyib ki, “şirkətin nəzarəti altında olan bütün dəniz platformaları və sənaye qurğuları normal işini davam etdirir və burada heç bir insident qeydə alınmayıb”.

İbrahim Əhmədov bunu da deyib ki, Xəzər dənizində hadisənin baş verdiyi əraziyə gəmi göndərilib.

Şirkətdən verilən ilkin məlumatda partlayışa səbəbin palçıq vulkanının püskürməsi olduğu deyilirdi.

Azərbaycan Seysmoloji Mərkəzi hadisə ilə bağlı eyni izahatı verib.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb.

Bildirilir ki, dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.

Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.

Teqlər