İyul 11, 2021 13:09 Asia/Baku
  • Zəngəzur iddiasının qorxulu nəticələri-TƏHLİL

Azərbaycan Respublikasının Zəngəzur siyasəti qorxulu nəticələr ortaya çıxara bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanla 14 iqtisadi rayon; o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Yeni bölgüyə əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb. Xankəndi də həmin iqtisadi rayona daxil edilib. Oraya Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Burada ən çox diqqət çəkən məsələ Qarabağ İqtisadi Rayunu ilə yanaşı “Şərqi Zəngəzur” termininin işlədilməsidir.

Ölkə başçısının yeni qərarından məmnunluq ifadə edən siyasi analitik Elməddin Behbud feysbuk üzərindən etdiyi paylaşımında yazır ki, Azərbaycan Zəngəzurla bağlı 

iddialarını siyasi müstəvidən hüquqi müstəviyə keçirir. Bir ərazinin Şərqi varsa, demək Qərbi də var.

Bu arada Azərbaycan dövlət başçısının Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılmasına dair fərmanının ardından Milli Məclisdə Ermənistana qarşı ərazi iddiası irəli sürülüb.

Deputat Fəzail Ağamalı parlamentin plenar iclasında bildirib: “Zəngəzur Azərbaycanın tarixi torpağıdır və ora iddiamız var.”

Onun sözlərinə görə, 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcə Zəngəzur yox, İrəvan Azərbaycanın tarixi torpağıdır. Azərbaycan tarixi torpaqlarına iddia edəndə kimdənsə çəkinməməlidir. Və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir.

Maraqlıdır ki, oxşar fikirlər vaxtilə Azərbaycanın xarici siyasət idarəsinə başçılıq etmiş və beynəlxalq qanunların fərqində olan Tofiq Zülfüqarovun da tərəfindən səsləndirilmişdir. Sabiq baş diplomat Yeni Müsavat qəzeti ilə müsahibədə Ermənistanın cənub bölgəsinə qarşı ərazi iddiasını belə ifadə edib: “Tarixi ədalətin bərpası baxımından bu addım atılmalıdır. Bu, qeyri-ədalətli məsələdir ki, 100 il öncə qanunsuz olaraq kommunist-bolşevik hakimiyyəti ermənilərə bu əraziləri verib. Üstəlik, 100 il ərzində bizim əhaliyə qarşı mərhələ-mərhələ etnik təmizləmələr aparılıb.”

Azərbaycanın keçmiş xarici işlər naziri beynəlxalq sərhədlərin dəyişilməzliyinə dair İranın mövqeyinə də münasibət bildirib və onu məntiqə zidd məsələ adlandırıb. “Bundan qabaq sərhədi qoruyan kim idi: rus sərhədçiləri. İran da bunu qəbul edirdi. İndi İran üçün təhlükə var ki, rus sərhədçiləri gedər və əvəzində qərbyönümlü Paşinyanın hansısa dostları gələcək. Odur ki, bu baxımdan Azərbaycanın Zəngəzura nəzarəti ələ alması İran üçün heç nəyi dəyişməyəcək. 100 km-lik sərhəddən sonra daha 40 km-ə nəzarət etməyimiz İran üçün böyük problem yaratmayacaq”- deyə Tofiq Zülfüqarov vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur məsələsinə toxunaraq demişdi: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Hazırda Şərqi və Qərbi Zəngəzur məsələsinin ortaya çıxması ilə istər-istəməz rəsmi Baknın da təkid etdiyi “ölkələrin ərazi bütövlüyü”nə hörmətsizlik faktı ortaya çıxırsa, bu məsələ torpaqlarının azadlığı uğrunda ağır çətinliklərə tablaşan və hələ də ərazi bütövlüyünün tam təmin olunmadığı Azərbaycana yaxşı heç nə vəd etmir, hətta onun Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq aləmdəki haqlı mövqeyinə kölgə sala bilər.

Rəsmi Tehran da ondan narahatdır ki, region ölkələrinin bir-birinə qarşı ərazi iddiası nəinki əməkdaşlıq ruhuna ziddir, yeni müeharibələrə, eləcə də xarici müdaxilələrə yol açacaqdır.

 

Teqlər