İyul 26, 2021 13:06 Asia/Baku
  • Jurnalistlərin və fəalların izlənməsi ilə bağlı qalmaqal böyüyür

Azərbaycanda jurnalistlərin, siyasətçilərin, insan haqları müdafiəçilərinin telefonlarının “Pegasus” adlı casus proqramının köməyi ilə izlənilməsi hazırda dünya mediasının diqqətindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi son araşdırmasında İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış Pegasus casus proqramının köməyi ilə jurnalistlərin, fəalların və siyasətçilərin telefonlarının kütləvi şəkildə izlənildiyi göstərilib.

"Sərhədsiz Reportyorlar" mətbuat azadlığının müdafiəsi təşkilatı İsrailin “Pegasus” casus sisteminin köməyilə 20 ölkədən 200 jurnalistin izlənməsi faktı ilə bağlı hiddətləndiyini bildirib.

"Sərhədsiz reportyorlar" bu kütləvi təqiblərə görə məsul şəxslərə qarşı məhkəmə iddiası açmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi azərbaycanlı jurnalistlər, ictimai-siyasi fəallar və hüquq müdafiəçiləri adlarının bu siyahıda olduğunu iddia ediblər.

Onlar bu məsələni "qanun pozuntusu" və "şəxsi həyata müdaxilə" adlandırır və buna görə Azərbaycan hakimiyyətini ittiham edirlər.

Araşdırmaçı jurnalistlərə görə, siyahıda olan mobil nömrələrdən ən azı ikisinin Pegasus proqramına yoluxdurulduğu "təsdiqlənib".

Adının casus proqramıyla izlənən şəxslərin siyahısında olduğunu iddia edən jurnalist Sevinc Vaqifqızı deyib ki, telefonunun izlənilməsi barədə ona məlumat veriləndən sonra telefonu bir proqramçı tərəfindən yoxlanıb və orda izləmə proqramı aşkarlanıb.

Sevinc Vaqifqızı iddia edir ki, Azərbaycanda 1000 nəfərdən artıq şəxs bu üsulla izlənilib.

O bu halı "qəbuledilməz" və "qanun pozuntusu", "şəxsi və işgüzar həyata, jurnalistin işinə müdaxilə" hesab edir.

İsrail rejiminin Azərbaycanda kommunikasiya sahəsinə xüsusi diqqət yetirməsi və bu yolla vətəndaşların şəxsi həyatına müdaxiləyə şərait yaratması birmənalı olaraq qınanmaqdadır və indi Pegasus proqramının aşkarlanmasından sonra cəmiyyətdə sözü gedən rejimə qarşı antipatiya daha da güclənibdir.  

Azərbaycan hökumətinin əlbəttə ki, bu iddialara reaksiyası məlum deyil.

 

Teqlər