ATƏT Minsk Qrupu bəyanat yaydı
Həmsədrlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdırlar!
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar birgə bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, sənəddə deyilir ki, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan qurbanları ilə bağlı məlumatları narahatlıqla izləyir.
Onlar Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.
Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırıb.
Onlar ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar ediblər.
Azərbaycan prezidenti 44 günlük müharibədən sonra dəfələrlə Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac olmadığını vurğulayıb. Hətta qrupun buraxılması barədə çağırışların ardı-arası kəsilmir. Ona görə də siyasi çevrələrdə qeyd olunur ki, sərhəd toqquşmalarının baş verməsində qrupun üzvü olan Fransa və ABŞ maraqlı görünə bilər. Onlar bu yolla öz fəaliyyətlərini əsaslandırmaq istəyirlər.