Azərbaycan Respublikası tərəfindən
İrana yeni səfir təyin edilib
-
Əli Əlizadə
Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov geri çağırılıb, Əli Əlizadə isə İranda yeni səfir təyin edilib.
SəhərAzəri-nin APA-ya istinadən bildirdiyinə görə,Bünyad Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyev eyni zamanda başqa bir sərəncamda Əli Əlizadəni Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Ə. Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub.
Əli Əlizadə 1978-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2010-2016-cı illərdə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində fəaliyyət göstərib.
2016-2021-ci illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının səfiri vəzifəsində işləyib.