Avq 13, 2021 01:06 Asia/Baku
  • “Nota” barədə deyiləsi sözlər - Təhlil

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi avqustun 11-də öz rəsmi saytında İran səfirinə nota verilməsi barədə məlumat dərc edib.

Məlumatda deyilir: “11 avqust 2021-ci il tarixində İran İslam Respublikasının ölkəmizdəki səfiri XİN-ə dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.

İİR-nin Azərbaycan Respublikasındakı səfirliyinə yaxın mənbənin bildirdiyinə görə isə, Elə XİN-in rəsmi saytında qeyd olunduğu kimi, İran səfiri Seyid Abbas Musəvi qabaqcadan planlaşdırlmış şəkildə XİN-ə dəvət olunub nəinki çağırtdırılıb. Həmin mənbənin bildirdiyinə görə görüşdə İranda yeni hökumətin dövründə iki ölkə münasibətlərinin daha da genişləndiriləcəyi arzu edilib, söhbət əsnasında İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Ermənistandan Xankəndiyə  giriş-çıxış etməsi ilə bağlı erməni və rus mənbələr tərəfindən yayılmış bəzi məlumatlara toxunularaq giley-güzarlıq edilib, İran səfiri isə bu iradlara cavab olaraq lazımi izahatı verib.

Dəvət əsasında və qabaqcadan planlaşdırılmış şəkildə baş tutmuş görüş barədə XİN-in rəsmi saytında yer almış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin İran İslam Respublikasının səfiri ilə XİN-də keçirilmiş görüşə dair məlumatı” başlıqlı xəbərin özü də deyilənləri təsdiqləyir. Ancaq xəbərin içində İran səfirinə nota təqdim olunması kimi iddia ciddi təəcüb doğurub.

Həm də ona görə ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkəlrdən biri olaraq daima bu ölkənin ərazi bütövlüyünü rəsmən tanıdığını elan etmişdir. Məhz buna görə elə son günlər Tehranda rəsmi səfərdə olan Azərbaycan Respublikası MM-nin sədri Sahibə Qafarova İranın yeni prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə öz təşəkkürünü bildirmişdir.

Həmçinin 1-ci Qarabağ müharibəsində İranın müsəlman azərbaycanlı qardaşlarının kənarında olması, onlara hər cür hərbi, logistika və humanitar yardımlar göstərməsi daima Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmiləri tərəfindən dilə gətirilmişdir. Buna son nümunə 44 günlük müharibə zamanı Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyevin dilindən səsləndi. O 1-ci Qarabağ müharibəsində İranın yardımlarını yüksək qiymətləndirərək: “Bu yardımlar olmasaydı 400 min mülki azərbaycanlı həlak ola bilərdi”.- dedi. 

2020-ci ildə vətən müharıbəsi başlayan kimi, İran Ermənistanla sərhədlərini bağladı. Bu Azərbaycan Respublikası prezidenti İlham Əliyevin diqqətindən yayınmadı və o TRT-nin müxbirinə verdiyi müsahibədə buna görə, İrana dərin təşəkkürünü bildirdi.

Heç bir ölkənin hətta Türkiyənin rəhbərlərinin dilindən eşidilməyən “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır” çağırışı sadəcə islam inqilabının aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin dilindən özü də 2-ci Qarabağ müharibəsinin ən həssas anında səsləndirildi. Hansı ki, bu gün Xankəndinin Ermənistanın işğalından azad olsa da Azərbayan Respublikasına qaytarılmaması öz fəsadlarını göstərməkdədir.

İndi hələ 44 günlük müharibə gedərkən Xankəndinin də Azərbaycana qaytarılmalı olduğunu vurğulayan İrana qarşı, rus və erməni mərkəzlər tərəfindən “Xankəndiyə yük maşınları göndərmək” iddiası nəqədər normal görünsə də, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən rus və erməni mənbələrin bu iddiası əsasında İranın səfirinə nota vermək xəbəri bir o qədər anormal görünür.

İranda son prezident seçkilərindən sonra iqtidara gələn İbrahim Rəisi hələ prezidentlik kürsüsünə oturmazdan öncə Azərbacan prezidentinə ünvanladığı məktubda bu ölkə xalqı və dövlətini öz torpaqlarını işğaldan azad etməsi münasibəti ilə təbrik etdi. Prezidentlik vəzifəsinə başladığı ilk gündə isə Azərbaycan Respublikası MM-nin sədri Sahibə Qafarovanı qəbulu zamanı bir daha həmin təbriki təkrarlayaraq, qarşılıqlı əlaqələrdə böyük sıçrayışların olması üçün tam əzmkar olduğunu vurğuladı.

Azərbaycan Respublikasına bu qədər nikbin və müsbət baxışa malik olan İranın yeni dövlət başçısını bədbin etmək və onu müsəlman Azərbaycan sevgisindən yayındırmaq cəhdləri, əcnəbilərin mənafeinə üstünlük verən “politoloqlar”, “Xəbər portalları” və “partiyalar” tərəfindən anlaşılan olsa da, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən son dərəcə qəribə görünür.

“İranlı yuk maşınlarının Xankəndiyə giriş-çıxışı” kimi erməni və rus iddialarının əksinə olaraq, İran İslam Respublikasına qarşı müxtəlif terror əməliyyatları həyata keçirən, iranlı alimləri terror edən, Pegasus proqramı ilə dünya səviyyəsində o sıradan Azərbaycan Respublikasında geniş casusluq fəaliyyətləri ilə məşğul olan sionist İsrail rejiminin Azərbaycanın İranla həmsərhəd bölgələrində fəaliyyəti isə faktdır. Bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin işğal olunmuş Fələstin ərazilərinə son səfərində artıq razılıqda əldə olunub.

Daima Azərbaycanla sərhədlərinin işğaldan azad olunmasını tələb edən, işğal dövründə belə, sərhəd barədə müzakirələrini rəsmi Bakı ilə aparan, sərhəddə gedən müharibə zamanı yüzlərlə raket zərbəsi alarkən “Azərbaycan öz torpaqlarını azad edir” deyə öz yerli sakinlərinin ziyanlarını ödəyən və onları dözümlü olmağa çağıran İran, indiyədək özünün təhlükəsizliklə bağlı həssaslığına məhəl qoyulmaması fonunda Azərbaycan Respublikasına nota verməmiş olsa da buna tam haqlıdır.

 

“İranlı yük maşınları” iddiasına gəldikdə isə, Azərbaycan Respublikası XİN-ində bəziləri bunu doğru hesab edir və ona görə İran səfiri ilə dəvət əsasında baş tutmuş görüş barədə nota xəbəri yayırlarsa ilk öncə Rusiya səfirini çağırtdırmalı və ona möhkəm etiraz notası verməlidirlər. Ona görə ki, Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə hərhansı giriş-çıxış barədə məsuliyyət birbaşa Rusiya üzərinə düşür.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi son günlər rəsmi bəyanat yayaraq Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan torpaqlarına Ermənistan hərbi qüvvələrinin daşınmasını bildirdi. MN vaxtaşırı olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən Azərbaycan ordusunun Şuşa ətrafındakı mövqelərinin atəşə tutulmasını bildirir. Azərbaycan Respublikası prezidenti İlham Əliyev son vaxtlar AzTv-yə verdiyi müsahibədə Rusiya sülhməramlılarının erməniləri ermənistandan Xankəndiyə köçürməsi, orada onların yaşaya bilməsi üçün tşviqedici planlar həyata keçirməsindən xəbər verdi. Bütün bunlar Azərbaycan Respublikası XİN-inin Rusiya səfirinə bir dəfə deyil bir neçə dəfə nota verməsinə kifayət edər.

İran İslam Respublikası, aliməqamlı rəhbər Həzrət Ayətullahül-üzma Xameneinin buyuruğuna uyğun olaraq, 30 illik işğal dövründə olduğu kimi bu gün də Azərbaycanın bütün ərazilərinin ona qaytarılmasına töhfə verməyə hazırdır. Amma o zaman Minsk qrupuna üstünlük verilərək bəzi qüvvələr tərəfindən İranın yardım əli rədd olunduğu kimi bu gün də başqalarına ümid edilirsə bu rəsmi Bakının seçimidir və İran onun seçiminə həmişə hörmətlə yanaşmışdır.

Teqlər