“Gəncə işi” üzrə təqsirləndirilənlərin vəkilləri narazıdırlar + VİDEO
“Gəncə işi” üzrə təqsirləndirilənlərin vəkilləri həm istintaqdan, həm də məhkəmə prosesinin gedişindən narazılıq ediblər.
Müdafiəçilər bildiriblər ki, bu işlə bağlı obyektiv, hərtərəfli araşdırma aparılmadı, həqiqətin ortaya çıxarılması üçün lazım olan addımlar atılmadı. Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslər sabiq icra başçısına qarşı sui-qəsd olayına aidiyyətlərinin olmadığını bildirirlər. Onlar bu cinayətdə ittiham edilsələr də, ortaya heç bir sübut-dəlil qoyulmur. Vəkillərin sözlərinə görə, cinayət işinin materialları sübutlardan yox, sadəcə boş söz yığınından ibarətdir.
Müdafiəçilər onu da əlavə ediblər ki, Elmar Vəliyevə qarşı sui-qəsd terror aktı kimi qiymətləndirilib. Hadisəni törədən şəxs – Yunis Səfərov isə açıq şəkildə deyir ki, icra başçısı əhaliyə zülm elədiyinə və yuxarı dövlət orqanları onunla bağlı şikayətlərə baxmadığına görə, ondan qisas almaq niyyətində olub.
Vəkillər təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasından da danışıb. Onların işgəncəyə məruz qaldıqlarını, həbsdə olduqları müddətdə aylarla telefonla danışa, görüşə bilmədiklərini bildirib.
Xatırladaq ki, dünən “Gəncə işi” üzrə məhkəmə başa çatıb. Hökmə əsasən Yunis Səfərov ömürlük, digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrum ediliblər.
Məhkumların ana-bacıları iclasdan sonra məhkəmə qarşısında öz etirazlarını bildirərək, verilən hökmləri sifarişli adlandırıblar və hökmlərlə heç cür razılaşmayacaqlarını deyiblər.