QMİ cəmiyyətin mühafizəsində ruhaniyyətin rolunu vurğulayıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə cəmiyyətdə naktomaniya və məstedici maddələrin yayılmasına qarşı dini sektorun fəaliyyətinin böyük əhəmiyyətini vurğulayıb.
SəhərAzəri-nin verdiyi məlumata görə,Azərbaycan ictimaiyyətinə müraciətində QMİ-nin sədri cəmiyyətdə ruhaniyyətin üzərinə düşən vəzifəni xatırladaraq bildirib: Cəmiyyətin tərkib hissəsi olan din xadimlərinin vəzifəsi Uca Allahın müqəddəs Kitabımız Qurani-Kərimdə buyurduğu həqiqətləri, dinimiz İslamın dəyərlərini daha israrlı maarifləndirmə işi vasitəsilə cəmiyyətimiz üçün kamil insan tərbiyəsi prosesinə öz töhfələrini verməkdir.
Narkotik maddələr və onlara aludəçiliyin insanı Allahı dərk etməkdən uzaqlaşdırmaqla böyük məhvedici fəsadlarına gətirib çıxardığını bildirən Allahşükür Paşazadə bəyanatında sonra belə əlavə edib: Sağlamlıq, iqtisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı, məhvedici təsirlərə malikdir, insanın təfəkkür, düşüncə, istedad, idrak, qüdrət, çalışmaq və quruculuq səylərini əllərindən alır, iman və əqidəsini zədələyir, Uca Allahı dərk etməkdən uzaqlaşdırır, ailələrin əsasını dağıdaraq məhv edir. Məstedici maddələr fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən fəsadlı nəticələri baxımından, bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulmuşdur.
QMİ sədri din xadimlərinə mütəmadi çıxış üçün hər cür şəraitin yaradılmasına çağıraraq deyib: Dini mərkəz olaraq din xadimlərimizi aidiyyatı olan dövlət qurumları və ictimaiyyətin müxtəlif təbəqələri ilə bərabər bu ictimai bəla ilə mübarizədə daha artıq səfərbər olmağa, məscidlərdə oxunan, habelə onlayn moizə və xütbələrdə insanları bu sosial fəlakət barədə ətraflı məlumatlandırmağa, onun fəsad və acı nəticələrini geniş şərh etməyə, dini maarifləndirmə müstəvisində günah və haram olduğu mətləbini daha dərindən təlqin etməyə çağırırıq. Bu işin daha miqyaslı aparılması üçün din xadimlərimizə kütləvi informasiya vasitələrində mütəmadi çıxış etmək imkanlarının yaradılmasını vacib sayır, bununla bağlı müvafiq qurumları bu şəraitin təmininə çağırırıq.
Şeyxül-islam Allahşükür Paşazadə istənilən nəticənin əldə olunması üçün cəmiyyətin sağlamlığı uğrunda aparılan dövlət fəaliyyətləri ilə parallel olaraq dini fəaliyyətlərin əhəmiyyətinə işarə edərək bildirib: Bu durumda biz din xadimlərinin vəzifəsi bu istiqamətdə dövlət proqramlarına dəstək olmaq, hökumətimizin səylərinə yardım edərək daha artıq maarifləndirmə və bütün mümkün vasitələrlə sabahkı gündə övladlarımızın gələcəyinə etibarla baxa biləcəyimiz bir mühitin yaradılması üçün çalışmaqdır.
Bəyanatda torpaqların azad edilməsi və zəfərin qazanılmasında, bundan sonra zəfərlərdə dindar və təqvalı gəncliyin əsas roluna diqqət çəkilir: “Zərərli vərdişlərə qarşı mübarizədə aktiv olmaq, 44 günlük Vətən müharibəsində xalqımıza mübarək Zəfər yaşatmış qəhrəman oğullarımızın ruhuna sadiq və layiq gəncliyin yetişdirilməsi dövlət, millət olaraq bundan sonrakı qələbələrimiz üçün Vətənə, millətə xeyirli olan, dövlətçiliyimizə sadiq, mətin, iradəli, ruhən kamil, imanlı, təqvalı, əməlisaleh, vətənpərvər, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən nəslin yetişməsinə yardım etmək həm Allah, həm də dövlətimiz qarşısında hamımızın mənəvi borcudur!”-deyə QMİ sədrinin bəyanatında bildirilib.