Seyid Abbas Musəvi və Hikmət Hacıyev
Görüşdən məmnun qaldılar +VİDEO
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası prezidentinin köməkçisi və Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter səhifəsində bu görüşə görə iranlı diplomata öz təşəkkürünü bildirib:
“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.
İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi də özünün Tvitter səhifəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnun qaldığını bildirərək yazıb: İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik.
Son günlər Azərbaycan Respublikasının öz nəzarətində olmayan ərazilərinə İran nəqliyyat şirkətlərinin loqosu ilə yük maşınlarının gediş-gəlişi mövzusunda Azərbaycanda geniş anti-İran kampaniyalara start verildi. Azərbaycanın nəzarət edə bilmədiyi əraziləri Laçın dəhlizi vasitəsi ilə Ermənistana qovuşur və həmin ərazilərə bütün nəqliyyat Ermənistan üzərindən həyata keçirilir.
Azərbaycan Respublikasının nəzarət edə bilmədiyi əraziləri Rusiya sülhməramlılarının nəzarətindədir və orada baş verən hərhansı məsələ ilə bağlı rusiyalı sülhməramlılar cavabdehlik daşıyır.
Digər tərəfdən Ermənistanın İranla həmsərhəd rayonundan bu ölkənin şimal rayonları və Laçın dəhlizinə gedən yolları da Azərbaycan Respublikası ərazilərindən keçir. Başqa sözlə Gorus-Qafan şossesi adlanan bu yoldan Xankəndinə hərhansı yükün daşınması Azərbaycan Respublikasının tam nəzarətindədir.
Belə bir şəraitdə üzərində İran nəqliyyat şirkətlərinin loqosu ilə yükdaşımalar əsas götürülərək İrana qarşı şər və böhtan dolu yazı və çıxışlar, ən nikbin baxışda Azərbaycan düşmənlərinin pusqusuna düşmək, ya da onların məqsədlərinə bilərəkdən xidmət etməkdir.
İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşdən məmnunluq ifadə etməsi, qarşı tərəfin də bu görüşə görə iranlı diplomata təşəkkürünü bildirməsi isə iki ölkə münasibətlərinə kölgə salmaq istəyən qüvvələrə növbəti mesaj kimi qiymətləndirilməlidir.