Leyla Abdullayeva:
İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvə yoxdur
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirib.
SəhərAzəri-nin AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Leyla Abdullayeva yerli KİV-in sualını cavablandırarkən deyib:
- İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub.
Leyla Abdullayeva sonra İranın xarici işlər nazirinin İran Televiziyasının Birinci Kanalına müsahibəsində Qarabağ azad edilərkən bölgəyə terrorçu ünsürlərin gətirilməsi və İsrail rejiminin planları barədə dediklərinə cavabda bildirib:. Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Biz o zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib.
Azərbaycan Respublikası XİN sözçüsü İranın xarici işlər nazirinin “Bölgədə sərhədlərin dəyişdirilməsinə imkan verilməyəcək.” bəyanatını isə belə cavablandırıb:
Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir.
Əmir Abdullahiyanın “Azərbaycanda bəzi xarici müdaxilələr İran üçün aydın məsələdir.” Sözünə isə Leyla Abdullayeva belə münasibət bildirib.
Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib.