AXCP sədri tərəfindən
Azərbaycanda repressiyaların tüğyan etdiyi bildirilir
AXCP sədri Əli Kərimli onun mühafizəçisi Niyaməddin Əhmədovun məhkəməsində iştirak etmək üçün məhkəmə binası qarşısına toplaşan xanımlara qarşı polis zorakılığından xəbər verib.
SəhərAzəri-nin Azadlıq qəzetinə istinadla verdiyi məlumata əsasən, Əli Kərimli Niyaməddin Əhmədova qarşı məhkəmə işini böyük vicdansızlıq hesab edib və bildirib ki, bu nəhəng vicdansızlıq digər vicdansızlıqları görünməz etməməlidir. O son günlərdə polis rejiminin mübariz xanımlara sözün həqiqi mənasında divan tutduğunu deyib.
Əli Kərimli Niyaməddin Əhmədovun açıq məhkəməsində iştirak etmək üçün məhkəmə binası qarşısında sakitcə dayanmış AXCP üzvü olan xanımlara polisin qəfil hücum etdiyini bildirərək yazır: “Onları zorla polis maşınlarına mindirib aparıblar və sonradan da fiziki zorakılığa məruz qoyublar. Mətanət Turanı qaşını partladıblar, Gülnarə Rəhimovanın saçını yolublar, Könül Əhmədovanı hamilə olduğu haqqında xəbərdarlıqlarına baxmayaraq, təpikləyib sürüyüblər, Tünzalə Əmirovaya qarşı başqa cür şiddət göstəriblər. Sonra da onları Bakıdan 80-100 km uzaqlıqda (Şamaxı-Yəvlax yolu) çölün düzündə, köməksiz vəziyyətdə düşürüblər.
AXCP sədri ölkənin ağır repressiya dövrünü yaşadığını bildirir və yazır: Azərbaycanda repressiyaların tüğyan etdiyi indiki vaxtda cəsarətlə etiraz səsini ucaldan xanımlarımızın mərdliyi də, xəcalət çəkmədən xanımlara əl qaldıran polislərin namərdliyi də tarixin yaddaşına keçəcək..