Azərbaycanın təlim-məşq müəmması davam edir
Laçında quru qoşunlarının təlimi keçirilir
Laçın rayonunda Azərbaycan Silahlı Qüvvələrinin komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.
SəhərAzəri-nin məlumatına əsasən, məlumatda bildirilir ki, komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.
Təlimin konkret olaraq harada keçirildiyi, təlimə cəlb edilmiş qoşun və texnika sayı barədə məlumat verilmir.
Xatırladaq ki, Laçın rayonu Qarabağ və Ermənistan ərazisi arasında yerləşir. İkinci Qarabağ müharibəsi nəticəsində bütün rayon Bakının nəzarəti altına keçib. Hazırda rayon mərkəzi – Laçın şəhəri, eləcə də Laçın dəhlizi - Qarabağdan Ermənistana gedən yol Rusiya sülhməramlılarının nəzarəti altındadır. Üçtərəfli sazişə əsasən, iki il sonra Laçın Azərbaycana qaytarılacaq, bu zaman Laçın dəhlizinin marşrutu dəyişdiriləcək.