Noy 05, 2021 16:05 Asia/Baku
  • Amnistiya siyasi məhbuslara şamil olmayacaq

Noyabrın 5-də Milli Məclis amnistiya aktını qəbul edib. Amnistiya aktı 8 noyabr Zəfər Günü münasibətilə prezident İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub.

SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə,müzakirələr zamanı vitse-spiker Əli Hüseynli bildirib ki, amnistiya 16-17 min adama şamil olunacaq, onlardan 3 mini həbsxanadan çıxacaq.

Yerli hüquq- müdafiəçilərinin məlumatına görə, amnistiya 100-dən çox siyasi məhbusa şamil olunmayacaq, yalnız İkinci Qarabağ Müharibəsi və Azərbaycanın suverenliyinin qorunması üzrə digər hərbi əməliyyatların iştirakçılarını əhatə edəcək.

Amnistiya aktı Xocalı soyqırımı nəticəsində əlil olmuş şəxslərə, Xocalıda həlak olan və ya itkin düşən şəxslərin yaxın qohumlarına, 1948-1953-cü və 1988-1989-cu illərdə Ermənistandan deportasiya olunmuş şəxslərə də şamil ediləcək.

Həmçinin SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya ölkənin Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarında iştirak etmiş şəxslər, habelə həlak olan və ya itkin düşən şəxslərin qohumları da amnistiyaya düşəcək.

Amnistiya İkinci Dünya Müharibəsi iştirakçılarına, eləcə də həlak olanların və itkin düşənlərin yaxın qohumlarına da şamil olunacaq.

Keçmiş SSRİ-də siyasi repressiyalara məruz qalmış və sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər, habelə onların yaxın qohumları da amnistiyaya düşəcək.

Amnistiya Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə və onların qəyyumlarına da şamil olunacaq.

Həmçinin amnistiya digər kateqoriyadan olan şəxslərə, əsasən böyük ictimai təhlükə kəsb etməyən cinayətlərə görə məhkum olunanlara da şamil ediləcək.

Amnistiya 4 ay ərzində icra ediləcək.

Teqlər