Azərbaycanlı millət vəkili məmurlara qarşı üsyan etdi
Tahir Kərimli: Məmurlar zalım olmasınlar!
Azərbaycan Milli Məclisinin deputatı məmurları zalım adlandırdı.
SəhərAzəri-nin məlumatına əsasən, Tahir Kərimli parlamentdə etdiyi çıxışında deyib ki, məmurlar şəhid ailələrinə və qazilərə qarşı zalım olmasınlar.
Onun sözlərinə görə, bəzi məmurlar şəhid və qazi ailələrini incidirlər. Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri, yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar.
Söhbətinin davamında millət vəkili bunları deyib: "Məmurlar həyat yoldaşını, nişanlısını itirən xanımlarımızı, onların hansı vəziyyətdə olduğunu düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar”.
Qeyd edək ki, son günlər Gəncədə ötən il Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Sahib Azər oğlu Həsənovun anasının intihara cəhd etməsi Azərbaycanı silkələdi və şəhərin icra başçısı qınaq obyektinə çevrildi.
Məlumatda deyilirdi ki, 2020-ci ildə 44 günlük müharibədə övladını itirən Vüsalə Gülbala qızı Məmmədova dərman içərək intihara cəhd edib. Buna səbəb isə kirayədə qaldığı mənzilin pulunu ödəyə bilməməsidir! Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. O da başçının etinasızlığı və laqeydĺiyindən bezərək intihara cəhd edib.
Şəhid anasının intihara cəhd etməsi sosial mediada geniş müzakirələrə səbəb olub.