Soçi görüşü başa çatdı
Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi həll olunur
Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının görüşü başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, Soçidə üçtərəfli görüşü təxminən 3 saat davam edib. Ardınca Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Bildirilib ki, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.
Bununla əlaqədar Azərbaycan Prezdenti İlham Əliyev deyib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır:
“Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”- deyə İ.Əliyev bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək.