Azərbaycanlı iqtisadçı Aşqabadda imzalanmış üçtərəfli qaz müqaviləsini şərh edir
Bakı da qazanacaq, Tehran da
İqtisadçı ekspert Natiq Cəfərli Türkmənistan qazının İran vasitəsilə Azərbaycana verilməsi və Avropaya çıxarılmasını mühüm hadisə adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, ekspert vurğulayıb ki, bu, olduqca vacib anlaşmadı, bundan Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq.
Onun sözlərinə görə, Türkmənistan öz sərhəddində İrana qaz verəcək, İran o qazla sərhəddə yerləşən yaşayış məntəqələrini qazlaşdıracaq, əvəzində artıq mövcud olan İran-Azərbaycan qaz boru kəməri vasitəsi ilə bizə eyni həcmdə qaz ötürəcək, Azərbaycan isə həmin qazı TANAP və TAP vasitəsi ilə Avropaya çatdıracaq. Çox vacib anlaşmadı”.
N.Cəfərliyə görə bu cür anlaşmalar Kremlin xoşuna gəlməyəcək və onun provokasiyalararına hazır olmaq lazımdır.
Qeyd edək ki, hələ 90-ci illərdən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri ilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi, "Nabukko" layihəsi zamanından bu məsələ gündəmdə idi. Rusiya Xəzərin dibi ilə "Transxəzər" boru kəmərinin çəkilməsinə ciddi maneə yaradırdı. Xəzərin statusu ilə bağlı sənədə əlavə olaraq "ekoloji protokolun" imzalanması "Transxəzərin" reallaşdırılması məsələsini ciddi sual altına qoydu. Amma nəhayət İran İslam Respublikası, Azərbaycan və Türkmənistan arasında əldə edilən razılaşma bunun həllinə gətirib çıxarmışdır.
Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana hələlik ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.